Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi dron zərbəsindən sonra Kiyev, Tehran və Moskva arasında gərginlik daha da artıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Tehranı vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə və Rusiyaya dəstəyi dayandırmağa çağırıb. O bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi qanunsuzdur və başa çatmalıdır.
Kreml isə Ukraynanın hərəkətlərini “terror aktlarının coğrafiyasını genişləndirmək” kimi qiymətləndirib. Kremlin sözçüsü Dmitri Peskov Kiyevi “Şimal axını” qaz kəmərinin partladılması və Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumlarda ittiham edərək, bu təhdidin zərərsizləşdirilməsinin vacib olduğunu bildirib.
Peskov qeyd edib ki, “Wildberries” zərər çəkən satıcı və anbar sahiblərinə dəstək vermək qərarı ilə nümunəvi addım atıb: “Şirkətin bununla bağlı hüquqi öhdəliyi olmasa da, belə qərar qəbul etməsi ən yüksək qiymətə layiqdir.”
İran Xarici İşlər Nazirliyi də Ukraynanın hücumunu pisləyib. Rəsmi məlumata görə, insident nəticəsində bir dənizçi həlak olub, digəri isə yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə hədəfə alınan gəminin İranın Rusiyaya hərbi yüklər daşımasında istifadə olunduğunu açıqlayıb. Bundan əlavə, İsrailin xarici işlər naziri Gideon Saar ukraynalı həmkarı ilə telefon danışığında İranın yaratdığı təhdidləri də müzakirə etdiklərini bildirib.

