Xəbər Yerində xəbər verir ki, Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir korporativ süni intellekt (Sİ) imkanlarının inkişafına dair yanaşmasını ABŞ-də keçirilən “Ai4 2026” konfransında beynəlxalq auditoriyaya təqdim edib.
Qlobal tədbirə böyük maraq
Las-Veqas şəhərində keçirilən tədbir 90-dan çox ölkədən 12 mindən çox iştirakçını, 1000-dən çox spikeri və 400 sərgi iştirakçısını bir araya gətirib.
Konfransda Bir ekosistemini Data və Sİ idarəsinin Baş direktoru Valeh Nəbiyev və Sİ Ofisinin lideri Seymur Şabanlı təmsil ediblər.
Korporativ Sİ yanaşması təqdim olundu
Valeh Nəbiyev tədbirdə spiker qismində çıxış edərək “Korporativ Sİ əməliyyat sisteminin qurulması: Sİ-nin təşkilati imkana çevrilməsi” mövzusunda təqdimatla çıxış edib.
O bildirib ki, təşkilatlar üçün əsas çağırış yalnız ayrı-ayrı süni intellekt həllərinin yaradılması deyil, Sİ-ni sürətli, təhlükəsiz və geniş miqyasda tətbiq etməyə imkan verən təşkilati imkanların formalaşdırılmasıdır.
Təqdimatda vurğulanıb ki, süni intellektdən real biznes nəticələri əldə etmək üçün data, texnologiya, insan resursları və biznes proseslərinin bir-biri ilə əlaqəli şəkildə qurulması, eləcə də Sİ həllərinin təşkilat daxilində geniş miqyasda tətbiqinə imkan verən vahid sistemin yaradılması vacibdir.
Beynəlxalq təcrübə mübadiləsi
Bir nümayəndələri konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan süni intellekt və data liderləri ilə fikir və təcrübə mübadiləsi də aparıblar.
Qeyd edək ki, “Ai4 2026” konfransında biznesdə süni intellektin real tətbiqləri ilə yanaşı, Sİ agentləri, generativ Sİ, idarəetmə və məsuliyyətli süni intellekt kimi mövzular da müzakirə olunub.
Bir ekosistemi
Bir Azərbaycanda fərdi və korporativ müştərilərə rəqəmsal xidmətlər təqdim edən ekosistemdir. Buraya Birbank, Birmarket, Milliön və m10 kimi platformalar daxildir. Şirkətin məlumatına görə, ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.

