Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində altı nəfər xəsarət alıb.
Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə magistralın Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar 1986-cı il təvəllüdlü Gülay Abbasova, 2017-ci il təvəllüdlü İsa Nağıyev, 2004-cü il təvəllüdlü Sevinc Hacıyeva, 1985-ci il təvəllüdlü Gülnar Hacıyeva, 1982-ci il təvəllüdlü Namiq Hacıyev və 2003-cü il təvəllüdlü Cəmil Nağıyevdir.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.





