Dünya şöhrətli rejissor Kristofer Nolanın böyük gözləntilərlə qarşılanan “Odissey” filmi ilə bağlı yeni kibertəhlükə ortaya çıxıb. Film hələ rəqəmsal platformalarda yayımlanmasa da, internetdə onun pirat versiyası adı ilə yayılan saxta faylların istifadəçilər üçün ciddi risk yaratdığı müəyyənləşdirilib.
“Qafqazinfo”nun məlumatına görə, kibertəhlükəsizlik şirkəti “Bitdefender”in apardığı araşdırma zamanı məlum olub ki, kibercinayətkarlar filmin pirat nüsxəsi görüntüsü yaradan saxta yükləmə faylları vasitəsilə “Lumma Stealer” adlı məlumat oğurlayan zərərli proqramı yayırlar.
Araşdırmaya əsasən, bəzi istifadəçilər artıq film faylı təsiri bağışlayan zərərli icra olunan proqramları kompüterlərinə endiriblər. Hücumçular filmin qanuni video faylı olduğu görüntüsünü yaradan saxta keçidlər hazırlayır. İstifadəçi həmin faylı yükləyib işə saldıqda isə kompüterinə film əvəzinə zərərli proqram yerləşdirilir.
“Bitdefender”in aşkarladığı fayllar arasında “The Odyssey 2160pHD (2026) EngSubs EZTV.exe”, “The Odyssey 2026 1080p H264-DJT.exe” və “The Odyssey 2026 1080p WEBRip-LAMA.exe” kimi adlar var.
Mütəxəssislər bildirirlər ki, sözügedən fayllar video deyil, “Windows” əməliyyat sistemində işlədilən “.exe” formatlı icra olunan fayllardır. Fayl adında filmin görüntü keyfiyyəti və formatı ilə bağlı məlumatların qeyd edilməsi onun etibarlı və təhlükəsiz olduğunu göstərmir.
Məlumata görə, “Lumma Stealer” istifadəçinin cihazında saxlanılan müxtəlif həssas məlumatları əldə etmək imkanına malikdir. Zərərli proqram brauzerlərdə yadda saxlanılan istifadəçi adları və şifrələri, ödəniş məlumatları, sessiya kukiləri və internet tarixçəsi ilə yanaşı, mesajlaşma platformaları, uzaqdan giriş proqramları və cihazda saxlanılan sənədlərlə bağlı məlumatları da ələ keçirə bilər.
Belə məlumatların kibercinayətkarların əlinə keçməsi istifadəçinin sosial media və digər onlayn hesablarına, bank məlumatlarına və müxtəlif rəqəmsal xidmətlərə icazəsiz girişlə nəticələnə bilər.
“Bitdefender”in məlumatına görə, tanınmış filmlərin adlarından istifadə etməklə zərərli proqramların yayılması yeni taktika deyil. Kibercinayətkarlar xüsusilə filmin kinoteatrlarda nümayişi ilə onun rəsmi rəqəmsal platformalarda əlçatan olması arasındakı dövrdən yararlanırlar.
Filmi daha erkən izləmək istəyən istifadəçilər bu müddətdə şübhəli torrent və yükləmə platformalarına müraciət edə bilər ki, bu da kibercinayətkarların qurduğu tələyə düşmək riskini artırır.
Qeyd edək ki, 2025-ci ildə də “Mission: Impossible – The Final Reckoning” filminin saxta pirat nüsxələri adı altında “Lumma Stealer” zərərli proqramının yayıldığı aşkarlanmışdı.
Mütəxəssislər vurğulayırlar ki, “Odissey”lə bağlı son kampaniya tamamilə yeni hücum mexanizminə əsaslanmır. Kibercinayətkarlar əvvəllər nəticə verən üsuldan istifadə edərək axtarış sistemlərində və torrent saytlarında populyar olan filmlərin adları ilə zərərli faylları istifadəçilərə təqdim edirlər.
Son dövrlərdə ölkəmizdə də böyük izləyici auditoriyası qazanan və sosial şəbəkələrdə, xüsusilə TikTok-da geniş maraq doğuran filmlərə dair pirat məzmunlara marağın artması bu cür kibertəhlükələrin aktuallığını daha da artırır. İstifadəçilərin filmləri rəsmi platformalardan əvvəl izləmək istəyi onları saxta yükləmə linkləri və zərərli fayllarla üz-üzə qoya bilər.

