Pelenin dünya çempionatı finalında geyindiyi forma rekord qiymətə satıldı-FOTO

Pelenin dünya çempionatı finalında geyindiyi forma rekord qiymətə satıldı-FOTO

Braziliya futbolunun əfsanəsi Pelenin 1958-ci il dünya çempionatında geyindiyi forma hərracda təxminən 6 milyon dollara satıla bilər.

17 yaşında İsveçdə keçirilən mundialda göstərdiyi möhtəşəm oyunla diqqət mərkəzinə düşən Pele final qarşılaşmasında ev sahibi İsveçə qarşı keçirilən və Braziliyanın 5:2 hesablı qələbəsi ilə başa çatan görüşdə iki qol vuraraq futbol tarixində silinməz iz buraxıb.

Həmin matçdan sonra Pele formanı otaq yoldaşı Didiyə hədiyyə edib. Forma uzun illər Didinin ailəsində qorunub saxlanılıb, daha sonra 1993-cü ildə muzeyə təqdim olunub. 2004-cü ildə isə hərracda 80 min dollara satılıb.

Formanı sahibi adından gələn ay Nyu-Yorkda keçiriləcək hərracda satışa çıxaracaq “Sotheby’s” şirkətinin rəhbəri Brendan Houks köynəyin vəziyyəti və tarixi əhəmiyyəti barədə danışıb.

“Yaşının təxminən 70 il olmasına baxmayaraq, forma heyrətamiz vəziyyətdədir. Parlaq mavi rəngini qoruyub saxlayıb, arxa hissəsində isə Braziliyanın sarı rəngi əks olunur. Formanı ilk dəfə əlimə aldığımda məni ən çox təəccübləndirən onun nə qədər kiçik olması idi. Pele çox iri cüssəli futbolçu deyildi və bu formanı 17 yaşında geyinmişdi. O vaxt o, arıq bir yeniyetmə idi. Finalın fotolarına baxanda da görünür ki, forma ona demək olar ki, dar gəlirdi”, – deyə Houks bildirib.

“Sotheby’s” nümayəndəsinin sözlərinə görə, son illərdə futbol xatirə əşyaları bazarında ciddi artım müşahidə olunur.

“Maradonanın 1986-cı il dünya çempionatında geyindiyi və 9,3 milyon dollara satılan “Tanrının əli” forması hələ də futbol formaları arasında ən yüksək satış qiymətinə sahibdir. Lakin Pelenin bu köynəyini də həmin səviyyədə qiymətləndiririk”, – deyə o əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir