Polşada Azərbaycana qarşı təxribat: Məhsullar satışdan çıxarıldı

Polşada Azərbaycana qarşı təxribat: Məhsullar satışdan çıxarıldı

Xəbər Yerində xəbər verir ki, Polşada istehsal edilən bir məhsulun üzərində Azərbaycanın artıq ləğv edilmiş separatçı rejiminə aid təsvirin yer alması ilə bağlı məsələ Azərbaycan diasporunun sosial şəbəkələrdə paylaşımından sonra gündəmə gəlib.

Məlumatın yayılmasından dərhal sonra Azərbaycanın Polşadakı səfirliyi məsələ ilə bağlı tədbirlər görərək həmin materialların istehsalının dayandırılması və satışdan yığışdırılması istiqamətində qarşı tərəflə əlaqə yaradıb.

Səfirlikdən bildirilib ki, məhsulun istehsalı və satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezare Popiel ilə əlaqə saxlanılıb və Azərbaycanın məsələyə dair kəskin etirazı çatdırılıb.

Şirkət rəhbəri sosial şəbəkələrdə məsələ barədə məlumat əldə etdiyini, baş verən yanlışlığa görə üzr istədiyini bildirib. O, sözügedən məhsulun həm istehsalının, həm də satışının dayandırılması barədə qərar verildiyini qeyd edib.

Səfirliyin təklifi əsasında Çezare Popiel məsələ ilə bağlı diplomatik nümayəndəliyə yazılı açıqlama da göndərib.

Şirkət rəhbəri məktubunda həmin təsvirin çap materialında istifadəsinin məqsədli və ya qəsdən edilmədiyini bildirib. Onun sözlərinə görə, bu hal çapın hazırlanması zamanı baş verən “insan amili” ilə əlaqəli olub.

Məktubda həmçinin satışda olan məhsulların dövriyyədən tam çıxarılacağı qeyd edilib. Bildirilib ki, anbarda qalan, eləcə də müştərilərdən geri qaytarılan bütün nüsxələr yığılaraq məhv ediləcək.

Bundan başqa, gələcəkdə hazırlanacaq çap materiallarında həmin təsvirin yenidən istifadəsinə yol verilməməsi üçün lazımi dəyişikliklərin ediləcəyi vurğulanıb.

Çezare Popiel səfirliyə ünvanladığı məktubda Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini də bəyan edib.

Azərbaycanın Polşadakı səfirliyi isə məsələni aşkarlayan, sosial şəbəkələr vasitəsilə hadisəni ictimaiyyətin diqqətinə çatdıran və bununla bağlı aidiyyəti ünvanlara müraciət edən Azərbaycan diasporunun nümayəndələrinə təşəkkür edib.

Mənbə: qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir