Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla görüşüb.
Xəbər Yerində xəbər verir ki, görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Hindistan rəhbərliyinin salamları çatdırılıb
Subrahmanyam Cayşankar əvvəlcə Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlət başçısına çatdırıb. O, İlham Əliyev ilə Narendra Modi arasında Bişkekdə keçirilən görüşü xatırladaraq, Azərbaycana Hindistanın Baş nazirinin tapşırığı ilə səfər etdiyini bildirib.
Prezident İlham Əliyev salamlarına görə minnətdarlığını ifadə edib və öz salamlarının da Hindistan Prezidenti və Baş nazirinə çatdırılmasını xahiş edib.
Dövlət başçısı Narendra Modi ilə Bişkekdə baş tutan görüşü və həmin görüşdə aparılan fikir mübadiləsini məmnunluqla xatırlayıb. O, Hindistanın xarici işlər nazirinin Baş nazirin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək inkişaf istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Görüşdə tərəflər Azərbaycan-Hindistan münasibətlərinin hazırkı vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Azərbaycan və Hindistanın Qlobal Cənubun bir hissəsi kimi beynəlxalq gündəlikdəki, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərdə oxşar maraqlardan çıxış etdikləri bildirilib.
Bu çərçivədə siyasi, iqtisadi-ticarət, yüksək texnologiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə də toxunublar. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün siyasi təmasların intensivləşdirilməsi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili, eləcə də iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.








