Prezident İlham Əliyev Kambocanın yeni səfirini qəbul edib-FOTO

Prezident İlham Əliyev Kambocanın yeni səfirini qəbul edib-FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Kamboca Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.

Xeberyerinde AZXEBER.COMa istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Etimadnamənin təqdimatından sonra Prezident İlham Əliyev səfirlə görüş keçirib. Dövlət başçısı Azərbaycanın Kamboca ilə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib. O qeyd edib ki, ölkələr arasında qarşılıqlı dəstək, hökumətlər və hakim partiyalar səviyyəsində əməkdaşlıq uğurla davam edir.

Prezident İlham Əliyev siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan və Kambocanın dost ölkələr olduğunu qeyd edib.

Qəbula görə təşəkkürünü bildirən səfir Sok Çean Kamboca Kralı Norodom Sihamoni və Baş nazir Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı xoş sözlərə görə minnətdarlığını ifadə edib və salamlarının Kamboca Kralına, eləcə də Baş nazirə çatdırılmasını xahiş edib.

Səfir bildirib ki, Kamboca Azərbaycanla dostluq münasibətlərinə böyük önəm verir. Onun sözlərinə görə, coğrafi baxımdan uzaq məsafədə yerləşmələrinə baxmayaraq, hər iki ölkə dayanıqlı inkişaf, beynəlxalq sülh və sabitlik məsələlərində oxşar mövqedən çıxış edir.

Sok Çean ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, ticarət, turizm, mədəniyyət və xalqlar arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş zamanı Azərbaycan və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub. Tərəflər, həmçinin Kambocanın Baş nazirinin Azərbaycana gözlənilən səfərinin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə ümid etdiklərini bildiriblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir