Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına Roş ha-Şana bayramı münasibətilə təbrik məktubu göndərib.
Dövlət başçısı məktubunda yəhudi icmasının nümayəndələrinə ən xoş arzularını çatdırıb.
Prezident qeyd edib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı, qarşılıqlı hörmət və etimada əsaslanan ictimai münasibətlərin formalaşdığı ölkə kimi tanınıb.
İlham Əliyev müasir Azərbaycanda vətəndaşların dini və etnik mənsubiyyətindən asılı olmayaraq hüquq və azadlıqlarının qorunduğunu vurğulayıb. O bildirib ki, ölkədə formalaşmış tolerantlıq mühitində yəhudi icması öz milli-mənəvi dəyərlərini və mədəni irsini qoruyaraq Azərbaycanın ictimai və sosial-mədəni həyatında fəal iştirak edir.
Prezident məktubunun sonunda Roş ha-Şananın yenilik, mənəvi saflıq, xeyirxahlıq və həmrəylik rəmzi olduğunu qeyd edərək yəhudi icmasının nümayəndələrinə ailə səadəti və firavanlıq arzulayıb.
“Bayramınız mübarək olsun!” – deyə dövlət başçısı bildirib.
Mənbə: Azərtac

