Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu öz işinə başlayıb.
Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və tədbir çərçivəsində media nümayəndələrinin suallarını cavablandırıb.
Tədbirin açılışı dövlət başçısının rəsmi sosial media hesabları vasitəsilə canlı yayımlanıb.
Moderator bildirib ki, builki Forumda 54 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Onların sırasında 30 xəbər agentliyinin təmsilçiləri, 60-dan çox media qurumu, eləcə də 10 beynəlxalq təşkilatın nümayəndələri yer alıb.
Xeberyerinde Qafqazinfoya istinadən xəbər verir ki, son dörd ildə Şuşa Qlobal Media Forumu 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib.
İki gün davam edəcək Forumda qlobal media gündəminin aktual məsələləri, dezinformasiya ilə mübarizə, etimadın bərpasında medianın rolu və beynəlxalq əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə olunacaq.

