Prezident Şuşada əsaslı təmirdən çıxan təhsil mərkəzinin açılışında iştirak etdi – FOTO

Prezident Şuşada əsaslı təmirdən çıxan təhsil mərkəzinin açılışında iştirak etdi – FOTO

Prezident İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə təhsil müəssisəsində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.

360 nəfərlik tədris binasında hansı şərait yaradılıb?

İkimərtəbəli və 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları yaradılıb.

Bundan başqa, binada laborant, informatika və hərbi təlim otaqları, eləcə də yeməkxana fəaliyyət göstərəcək.

Yataqxanada kitabxana və fitnes otaqları da var

Mərkəzin beşmərtəbəli yataqxanasında tələbələrin təhsil alması və asudə vaxtlarını səmərəli keçirməsi üçün müxtəlif imkanlar yaradılıb.

Burada akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, ənənəvi və elektron kitabxana, tədris otaqları, yataq və istirahət otaqları, fitnes otaqları, həmçinin ictimai iaşə obyekti yerləşir.

Yerli mütəxəssislərin hazırlanmasına töhfə verəcək

Qeyd edək ki, insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun qurulması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Son illərdə ölkə üzrə yüzlərlə yeni məktəb binasının tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqlarla təchiz olunması bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Şuşa Dövlət Peşə Təhsil Mərkəzi isə xüsusilə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri üçün yerli ixtisaslı kadrların və peşəkar mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir