Xəbər Yerində xəbər verir ki, Qara dənizdə, Odessa limanı yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı gəmi dron hücumlarına məruz qalıb.
Məlumata görə, Somali bayrağı altında üzən və “Mert Marine Corporation” şirkətinə məxsus yedək gəmisində 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya və 1 Ukrayna vətəndaşı olub.
Sentyabrın 9-da baş verən hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həyatını itirib. Həmyerlilərimiz İmran Novruzov və Rauf Əliyev isə yaralanıb. Onlar Ukraynanın Çernomorsk şəhərində xəstəxanaya yerləşdiriliblər.
Məlumata əsasən, zədələnən gəmi Konstansa limanına doğru hərəkət edərkən gecə saatlarında daha iki dronun hücumuna məruz qalıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, yaralıların müalicəsindən sonra ölkəyə qaytarılması, həlak olanların cənazələri ilə bağlı prosedurların həyata keçirilməsi və zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində iş aparılır.
XİN həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılara şəfa arzulayıb.
Nazirlik Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərə səfər etməkdən, həmçinin həmin bölgələrdə əmək fəaliyyəti göstərməkdən çəkinməyə çağırıb.

