Şəki yaylasındakı faciə ilə bağlı yeni faktlar: qoruyucu sistem səhv quraşdırılıb?

Şəki yaylasındakı faciə ilə bağlı yeni faktlar: qoruyucu sistem səhv quraşdırılıb?

Xəbər Yerində xəbər verir ki, “Şəki yaylası”nda iki nəfərin ölümü ilə nəticələnən ziplayn faciəsi ilə bağlı yeni iddialar ortaya çıxıb.

Redaksiyaya müraciət edən şəxsin təqdim etdiyi foto və sənədlərdə ziplayn avadanlıqlarında əlavə qoruyucu sistemin istehsalçı təlimatında göstərilən qaydadan fərqli şəkildə quraşdırıldığı iddia olunur.

Müraciət müəllifinin sözlərinə görə, istifadəçini trosdan qoruyan əlavə kəmər rolikin xüsusi hissəsinə bərkidilməli olduğu halda, “Şəki yaylası”ndakı avadanlıqlarda onun rolikin alt hissəsinə bağlandığı görünür. İddia edilir ki, belə sistem rolikdə nasazlıq yarandıqda istifadəçinin trosdan asılı vəziyyətdə qalmasını təmin etmək məqsədi daşıyır.

Təqdim olunan digər görüntülərdə də oxşar quraşdırma üsulunun ziplayndan istifadə edən başqa şəxslərin avadanlıqlarında olduğu görünür. Bu isə iddiaların təsdiqlənəcəyi təqdirdə məsələnin yalnız faciə zamanı istifadə olunan bir avadanlıqla məhdudlaşmadığı sualını yaradır.

Müraciət müəllifi həmçinin istehsalçıya aid olduğu bildirilən istifadəçi təlimatını təqdim edib. Təlimatda əlavə qoruyucu kəmərin trosu əhatə edərək rolikin üzərində yerləşən xüsusi hissəyə bərkidilməsi göstərilir.

Bundan başqa, hadisə zamanı qopan detalın funksiyası ilə bağlı da fərqli iddia irəli sürülüb. Müraciət müəllifi həmin hissənin əlavə qoruyucu deyil, obyekt tərəfindən hazırlanmış əyləc mexanizmi olduğunu və hadisə zamanı qopduğunu bildirir.

İddiada həmin detalın istintaq materiallarında “əlavə qoruyucunun zədələnməsi” kimi qeyd edildiyi də vurğulanır. Bu məlumatın doğru olub-olmadığını isə müvafiq istintaq və ekspertiza materialları müəyyən edə bilər.

Əgər təqdim olunan fotoşəkillər, avadanlığın quraşdırılması ilə bağlı iddialar və istehsalçı təlimatından kənara çıxılması faktı texniki araşdırma zamanı təsdiqlənərsə, hadisənin səbəbləri ilə bağlı araşdırmanın yalnız texniki nasazlıqla məhdudlaşmaması gündəmə gələ bilər.

Bu baxımdan bir sıra suallar açıq qalır: qoruyucu sistem kim tərəfindən quraşdırılıb, istehsalçının təlimatına niyə əməl edilməyib və eyni quraşdırma üsulu digər avadanlıqlarda da tətbiq olunubmu?

Qeyd edək ki, bu məqamlar hazırda müraciət müəllifinin təqdim etdiyi material və iddialara əsaslanır. Onların doğruluğu yalnız rəsmi araşdırmanın nəticələri və müvafiq texniki ekspertiza ilə təsdiqlənə bilər.

Mənbə: Axar.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir