Şəkinin dağlıq ərazisində itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alan Niderland vətəndaşı Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.
“Xəbər Yerində” xəbər verir ki, hadisə avqustun 29-da rayonun Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində baş verib.
Məlumata görə, turizm məqsədilə avqustun 26-da Frankfurt-Bakı aviareysi ilə Azərbaycana gələn 1979-cu il təvəllüdlü Niderland vətəndaşı avqustun 29-da səhər saatlarında Şəkinin dağlıq ərazisində piyada yürüşə çıxıb.
Turist Çələngi yaylağı istiqamətində hərəkət edərkən itlərin hücumuna məruz qalıb. Nəticədə onun baş və bədən nahiyələrindən çoxsaylı açıq yara xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı bildirilib.
Hadisə barədə saat 17:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub.
Ağır yaralanan turistin təxliyəsi üçün DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib.
Dəniz səviyyəsindən təxminən 2 000 metr yüksəklikdə, qaranlıq və çətin dağlıq relyef şəraitində xilasetmə əməliyyatı həyata keçirilib. Əməliyyat nəticəsində turistə hadisə yerində ilkin tibbi yardım göstərilib və o, helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Niderland vətəndaşının xəstəxanada təcili əməliyyat olunduğu bildirilib.

