Milli Hidrometeorologiya Xidməti avqustun 7-nə gözlənilən hava şəraitini açıqlayıb.
Xeberyerinde-nin əldə etdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək, günün ikinci yarısından etibarən isə şimal-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz isə 30-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Rayonlarda da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər saatlarında ayrı-ayrı dağlıq rayonlarda duman müşahidə oluna bilər. Şərq küləyi mülayim əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 23-28 dərəcə isti gözlənilir.

