Xəbər Yerində xəbər verir ki, “Beach Polo Sea Breeze 2026” turniri sentyabrın 11-13-də Sea Breeze Resort ərazisində yerləşən Havana Beach-də keçiriləcək.
Azərbaycan Atçılıq Federasiyası və Sea Breeze tərəfindən təşkil olunan yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda mübarizə aparacaq.
Turnirdə ümumilikdə 12 poloçu iştirak edəcək. Komandaların heyətində Azərbaycanla yanaşı, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrikadan olan idmançılar yer alacaq.
Üç gün ərzində 6 oyun keçiriləcək
Yarışın hər üç günündə saat 16:00-dan etibarən iki polo oyununun keçirilməsi nəzərdə tutulur. Komandaların hansı gün və hansı rəqiblə qarşılaşacağı isə oyunlardan bir gün əvvəl keçiriləcək püşkatma ilə müəyyənləşəcək.
Beach Polo formatında qarşılaşmalar 4 çukkerdən ibarət olur. Hər çukker təxminən 7 dəqiqə davam edir. Fasilələrlə birlikdə bir oyunun ümumi müddəti 30-40 dəqiqə təşkil edir.
Final sentyabrın 13-də keçiriləcək
Turnirin həlledici qarşılaşması sentyabrın 13-də saat 16:00-da başlayacaq. Finaldan sonra qaliblərin mükafatlandırılması və kubokun təqdim olunması mərasimi keçiriləcək.
Tamaşaçılar üçün əyləncə proqramı da olacaq
Turnir yalnız idman yarışları ilə məhdudlaşmayacaq. Tamaşaçılar üçün DJ proqramı və müxtəlif əyləncə elementləri də hazırlanıb.
Tədbirə giriş biletlə olacaq. Üç gün ərzində turniri təxminən 500 tamaşaçının izləməsi gözlənilir.
Yarışların “İdman TV” vasitəsilə canlı yayımlanacağı, beynəlxalq polo auditoriyasına yönəlmiş “Polo Line” internet kanalının da turnirin media işıqlandırılmasında iştirak edəcəyi bildirilib.

