Sentyabrın hava proqnozu açıqlanıb: bəzi günlər 39° isti olacaq

Sentyabrın hava proqnozu açıqlanıb: bəzi günlər 39° isti olacaq

Sentyabr ayında Azərbaycanda havanın əsasən mülayim və isti keçəcəyi gözlənilir.

“Xəbər Yerində” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ay ərzində orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan 1-3 dərəcə yüksək olacağı proqnozlaşdırılır.

Bakıda 35°-dək isti

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 21-23°, gecələr 19-24°, gündüzlər isə 26-31° isti olacağı gözlənilir. Sentyabrın ilk ongünlüyünün bəzi günlərində temperaturun 33-35°-yə yüksələcəyi bildirilir.

Naxçıvanda temperatur 39°-yə çatacaq

Naxçıvan şəhəri və bir sıra rayonlarda orta aylıq temperaturun 22-25° isti olacağı proqnozlaşdırılır. Gündüz temperaturu əsasən 26-31° arasında dəyişəcək, ilk ongünlüyün bəzi günlərində isə 34-39° isti olacaq.

Bölgələrdə hava necə olacaq?

Xankəndi, Şuşa və ətraf rayonlarda orta aylıq temperatur 16-19°, Şərqi Zəngəzurda 17-20° isti təşkil edəcək. İlk ongünlükdə bəzi günlər temperatur 26-30°-yə yüksələcək.

Qazax-Gəncə bölgəsində orta aylıq temperaturun 21-24°, Aran rayonlarında isə 22-25° isti olacağı gözlənilir. Bu ərazilərdə ilk ongünlüyün bəzi günlərində temperatur 33-35°-yə çata bilər.

Şimal və şimal-qərb rayonlarında orta aylıq temperatur 19-23° isti olacaq. Dağlıq ərazilərdə gecələr 9-14°, gündüzlər 16-19° isti proqnozlaşdırılır.

Cənub bölgəsində də isti hava olacaq

Masallı, Lənkəran, Astara, Cəlilabad və digər cənub rayonlarında orta aylıq temperaturun 19-23° isti olacağı gözlənilir. Gündüzlər temperatur 24-29°, ilk ongünlüyün bəzi günlərində isə 33°-dək yüksələcək.

Yağıntı əsasən normaya yaxın olacaq

Xidmətin məlumatına görə, sentyabrda aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacaq. İlk ongünlüyün başlanğıcında xüsusilə dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan yağışları və şimşək gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir