Şuşada qayalara ad yazan turistlərə xəbərdarlıq: “Daşa ad yazmaq vətən sevgisi deyil”

Şuşada qayalara ad yazan turistlərə xəbərdarlıq: “Daşa ad yazmaq vətən sevgisi deyil”

Şuşaya səfər edən bəzi turistlərin şəhərdə və ətraf ərazilərdə qayaların üzərinə adlarını və müxtəlif yazılar həkk etməsi narazılığa səbəb olub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sözçüsü Səmayə Məmmədova bildirib ki, belə hallarla bağlı dəfələrlə maarifləndirmə işləri aparılıb, inzibati tədbirlər görülüb və cərimələr tətbiq olunub. Buna baxmayaraq, qoruğun ərazisində qayalara yazı yazılması halları davam edir.

Qurum vətəndaşları Şuşanın tarixi və mədəni irsinə hörmətlə yanaşmağa çağırıb.

Şuşanın xüsusi qorunan ərazi olduğunu nəzərə alsaq, qayaların üzərinə yazı həkk etmək sadəcə etik qaydaların pozulması kimi qiymətləndirilə bilməz. 2021-ci ildə qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna əsasən, şəhərin inzibati ərazisi Şuşa Şəhəri Dövlət Qoruğu elan olunub və burada xüsusi mühafizə rejimi tətbiq edilir.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun da dövlət mühafizəsində olan mədəni irs nümunələrinə zərər vurulmasını qadağan edir. Hadisənin xarakterindən və dəymiş ziyanın miqdarından asılı olaraq, belə əməllər inzibati, bəzi hallarda isə cinayət məsuliyyəti yarada bilər.

Şuşa Qoruğu İdarəsi də qoruğun ərazisində qorunan obyektlərə zərər vuran fəaliyyətlərin qarşısının alınması və dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər görə bilər.

Məsələnin digər tərəfi isə Şuşanın daşıdığı tarixi və mənəvi yükdür. Uzun illər işğal altında qalan şəhərin küçələri və qayaları Azərbaycanın yaxın tarixinin izlərini yaşadır. Bu baxımdan həmin ərazilərə münasibət adi turizm məkanına yanaşmadan fərqlənməlidir.

Qayaların üzərinə ad, tarix və müxtəlif ifadələr yazmaq “xatirə qoymaq” deyil, mövcud tarixi izlərin üzərinə yeni izlər əlavə etməkdir.

Əsl vətəndaş mövqeyi Şuşada öz adını daşın üzərinə həkk etmək yox, həmin daşı gələcək nəsillər üçün olduğu kimi qorumaqdır.

Şuşada iz qoymaq yox, izi qorumaq lazımdır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir