Xəbər Yerində xəbər verir ki, Xocalı rayonunun Daşkənd kəndi ərazisində minaya düşərək xəsarət alan 1990-cı il təvəllüdlü Anar Həsənov əməliyyatdan çıxıb.
Mina hadisəsi sentyabrın 10-da baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlaması nəticəsində sol ayağından ağır xəsarət alıb.
Anar Həsənov ilkin olaraq Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra daha ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə edilib.
TƏBİB-in məlumatına görə, pasiyentə sol aşıq-baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu qoyulub və üzərində cərrahi əməliyyat aparılıb.
Əməliyyatdan sonra onun vəziyyətinin ağır olduğu bildirilir.

