Özəl müəssisədə yanğın olsa, jurnalistə çəkiliş qadağan edilə bilər? Hüquqşünasdan AÇIQLAMA
Noyabrın 1-də Bakıda fəaliyyət göstərməyən ət kombinatının ərazisində baş verən yanğını işıqlandıran APA əməkdaşı Sənan Bəhrəmliyə qarşı hücum jurnalistlərin peşə fəaliyyəti ilə bağlı müzakirələrə səbəb olub.
Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Davud Aslan küçəsində yerləşən, plastik və taxta materialların toplandığı ərazidə qeydə alınıb.
Maraqlıdır, özəl müəssisədə baş verən yanğını işıqlandırmaq üçün hadisə yerinə gələn jurnalistə çəkiliş aparmağa mane olmaq qanunidirmi? Müəssisə sahibi jurnalistin çəkilişinə qadağa qoya bilərmi?
Hüquqşünas Şamil Paşayev bildirib ki, zavodda, kombinatda və ya digər müəssisədə yanğın baş verdikdə cəmiyyətin hadisənin səbəbləri, xəsarət alanların olub-olmaması, ətrafdakı yaşayış binaları və obyektlər üçün təhlükənin mövcudluğu barədə məlumat almaq hüququ var.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyası və “Media haqqında” Qanun jurnalistlərin peşə fəaliyyətini və cəmiyyəti məlumatlandırmaq hüququnu təmin edir.
Hüquqşünas vurğulayıb ki, hadisənin özəl müəssisədə baş verməsi onun yalnız müəssisə sahibinə aid olması demək deyil. Müəssisə rəhbərliyinin baş verənləri ictimaiyyətdən gizlətmək və jurnalistin qanuni fəaliyyətinə mane olmaq hüququ yoxdur.
Ş.Paşayev qeyd edib ki, Konstitusiyanın 50-ci maddəsi hər kəsin məlumatı qanuni yollarla axtarmaq, əldə etmək və yaymaq azadlığını təmin edir. “Media haqqında” Qanunun 17-ci maddəsi isə jurnalistlərə müəssisə və təşkilatların fəaliyyəti barədə məlumat almaq, suallar vermək və açıqlama tələb etmək hüququ tanıyır.
Mühafizəçi jurnalistin çəkilişinə mane ola bilərmi?
Hüquqşünasın sözlərinə görə, müəssisənin mühafizəçisi və ya mülkiyyət sahibi özbaşına hadisə yerinin təhlükəli zona olduğunu müəyyənləşdirə bilməz. Belə məhdudiyyətləri yanğının söndürülməsinə rəhbərlik edən şəxs və qanunla nəzərdə tutulan hallarda polis tətbiq edə bilər.
O bildirib ki, konkret hadisədə mühafizəçinin jurnalistin fəaliyyətinə müdaxiləsi qanunvericiliyə ziddir. Bu əməl Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə nəzərdə tutulan jurnalistin peşə fəaliyyətinə mane olma cinayətinin əlamətlərini yarada bilər. Eyni zamanda, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin də olub-olmaması araşdırıla bilər.
Şamil Paşayev əlavə edib ki, jurnalistin mütləq yanğının baş verdiyi əraziyə və ya təhlükəli istehsalat sahəsinə daxil olması vacib deyil. Lakin ona təhlükəsiz məsafədən çəkiliş aparmaq, müəssisə rəhbərliyinə suallar ünvanlamaq və açıqlama almaq üçün şərait yaradılmalıdır.
Jurnalistin fəaliyyətinə mane olmağın cəriməsi nə qədərdir?
Hüquqşünas bildirib ki, “Media haqqında” Qanunun 6.2-ci maddəsi jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxiləni qadağan edir.
İnzibati Xətalar Məcəlləsinin 381.2-ci maddəsinə əsasən, jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxiləyə görə 300 manatdan 600 manatadək cərimə nəzərdə tutulur.
Məcəllənin 381.3-cü maddəsi isə jurnalistin informasiya almaq hüququnun qanunsuz məhdudlaşdırılmasına, məlumat verməkdən əsassız imtinaya və ya sorğuya vaxtında cavab verilməməsinə görə 300 manatdan 500 manatadək cərimə müəyyən edir.
Bundan başqa, Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistin qanuni peşə fəaliyyətinə mane olmağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Jurnalisti zor tətbiq etməklə və ya zor tətbiqi hədəsi ilə məlumat yaymağa, yaxud yaymaqdan imtina etməyə məcbur etmək də cinayət məsuliyyəti yarada bilər.
Hüquqşünasın fikrincə, jurnalistin təhlükəsizliyini qorumaqla onun cəmiyyəti məlumatlandırmasına mane olmaq fərqli məsələlərdir. Özəl müəssisənin mühafizəçisi jurnalistin qanuni fəaliyyətinə müdaxilə etmək səlahiyyətinə malik deyil.

