Xəbər Yerində xəbər verir ki, “Qarabağ”ın U-14 komandasında çıxış edən Ceyms Eziasi gələcək karyerası ilə bağlı arzularından danışıb.
Azərbaycanda doğulub böyüyən 14 yaşlı futbolçunun atası nigeriyalı, anası isə azərbaycanlıdır. Ceyms Azərbaycan millisində forma geyinməyi ən böyük hədəflərindən biri hesab edir.
“Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım”, – deyə gənc futbolçu bildirib.
Bakıda doğulduğunu və Bayılda böyüdüyünü deyən Ceyms Azərbaycan himnini əzbər bildiyini söyləyib. Onun ən böyük arzularından biri isə Avropanın nəhəng klublarında çıxış etməkdir.
“İstəyirəm ki, PSJ, “Barselona” və “Real”da oynayan ilk azərbaycanlı mən olum”, – deyə o qeyd edib.
Gənc hücumçu futbola sevgisinin ailəsindən gəldiyini bildirib. Onun sözlərinə görə, atası da vaxtilə futbolçu olub.
Ceyms hazırda “Qarabağ”ın U-14 komandında hücumçu mövqeyində oynayır. O, özünü futbalsız təsəvvür etmədiyini, hətta yuxularında belə futbol gördüyünü deyib. Sevdiyi futbolçular arasında Kilian Mbappe və Vinisius Juniorun adlarını çəkib.
Gənc futbolçu “Qarabağ”ın əsas komandasında oynamağı da qarşısına məqsəd qoyub. O, baş məşqçi Qurban Qurbanovu yüksək qiymətləndirdiyini və gələcəkdə onun rəhbərliyi altında əsas komandada çıxış etmək istədiyini bildirib.
Ceyms Azərbaycan, rus və ingilis dillərində danışdığını da qeyd edib.
O, U-14 komandasında yoldaşları ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb. Futbolçunun sözlərinə görə, komandada birlik və mehribanlıq qələbələr üçün əsas amillərdən biridir.

