“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandda “Tvente”yə 1:0 hesabı ilə qalib gəlib.
Enshededə keçirilən qarşılaşmada Ağdam klubunun yeganə qolunu 52-ci dəqiqədə Kadi Borges vurub. “Qarabağ” matçın sonuna qədər hesabı qoruyaraq vacib səfər qələbəsi qazanıb.
Oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov futbolçularının böyük güc sərf etdiyini bildirib.
“Futbolçuları təbrik edirəm. Yaxşı mübarizə apardılar, çox güc sərf etdilər. Komanda olaraq üçüncü dəfədir ki, bu meydanda oynayırıq. Bu stadiondan, azarkeşlərdən və oyundan hər dəfə daha çox zövq aldıq. Bizim fanatlarımız da tribunadan dəstək olurdular. Onlara da təşəkkür edirəm”, – baş məşqçi deyib.
Qurban Qurbanov cavab görüşündə daha diqqətli və intizamlı oynamalı olduqlarını vurğulayıb.
“Bakıda cavab qarşılaşması olacaq. İkinci oyunda daha diqqətli və intizamlı çıxış etməliyik. İnanıram ki, həmin matç da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik”, – o qeyd edib.
“Qarabağ”la “Tvente” arasındakı cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







