Xəbər Yerində xəbər verir ki, Xırdalanda bacısının keçmiş ərinə xəsarət yetirməkdə təqsirləndirilən 26 yaşlı Cəlala hökm oxunub.
İstintaq materiallarına görə, Goranboy rayon sakini olan Cəlal bacısının keçmiş əri Vəfadarın ondan ayrılmasının səbəbini öyrənmək üçün “TikTok”da qız adı ilə onunla yazışıb və görüşə çağırıb.
Vəfadar Xırdalanda kirayə qaldığı mənzilə gəldikdən sonra Cəlalın onu aldatdığını anlayıb. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Zərərçəkmişin sözlərinə görə, Cəlal onu dəmir boru ilə vurub, daha sonra yumruq və təpiklə döyüb.
Hadisə zamanı Cəlal stolun üzərindən bıçaq götürərək Vəfadarın üzərinə gedib. Vəfadar bıçağın tiyəsindən tutaraq onu əlindən almağa çalışıb. Cəlalın bıçağı geri çəkməsi nəticəsində tiyə zərərçəkmişin əlinin barmaqlarını kəsib və sınıb.
Cəlal məhkəmədə ittihamı qismən etiraf edib. O, Vəfadarla əlbəyaxa olduğunu, lakin onu dəmir parçası ilə vurmadığını bildirib. Təqsirləndirilən şəxs bıçaqla yalnız qorxutmaq məqsədilə hədələdiyini deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cəlal 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, o, cəza müddətində Goranboy rayonunun hüdudlarından kənara çıxa bilməz. Həmçinin hər gün saat 21:00-dan 07:00-dək yaşadığı ünvanı tərk etməsinə qadağa qoyulub.
Cəlalın üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və digər məhdudiyyətlərə əməl etmək öhdəliyi də qoyulub.
Mənbə: Demokrat.az

