“Crocus City Hall” işi: Araz Ağalarovun şirkəti milyonlarla rubl tələb edir

“Crocus City Hall” işi: Araz Ağalarovun şirkəti milyonlarla rubl tələb edir

Azərbaycanəsilli iş adamı Araz Ağalarova məxsus “Crocus Group” şirkəti 2024-cü ildə Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində dəyən zərərə görə “İnqosstrax” sığorta şirkətindən 1,68 milyard rubl (təxminən 36,5 milyon manat) tələb edir.

Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Məlumata əsasən, şirkət sözügedən məbləğin ödənilməsi üçün məhkəməyə müraciət edib. Bildirilir ki, tələb olunan kompensasiya faktiki zərərin 30 faizini belə əhatə etmir. Bununla belə, terror aktı riskinin sığorta müqaviləsinə daxil edilmədiyi ehtimal olunduğundan, bu vəsaitin alınmasının da çətin olacağı qeyd edilir.

İddia ərizəsi iyulun 10-da məhkəmə icraatına qəbul edilib. İş üzrə üçüncü tərəf qismində “Crocus Group”un strukturuna daxil olan “Crocus Finance” MMC, “Qazprombank” və PSB bankı iştirak edir.

Qeyd edək ki, Araz Ağalarovun oğlu Emin Ağalarov daha əvvəl terror aktı nəticəsində “Crocus Group”a dəyən ümumi zərərin 150–200 milyon dollar olduğunu açıqlamışdı. Onun sözlərinə görə, bunun təxminən 100 milyon dolları analoji obyektin yenidən tikintisi üçün tələb olunan vəsaitdir.

Rusiya Baş Prokurorluğu isə terror aktı nəticəsində dəymiş ümumi zərəri 5,7 milyard rubl (təxminən 123,6 milyon manat) həcmində qiymətləndirib.

Hadisədən sonra “İnqosstrax” şirkəti müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirəcəyini bəyan etsə də, sığorta polisində terror aktı riskinin nəzərdə tutulmadığını açıqlayıb. 2024-cü ildə zərərçəkənlərin nümayəndələri də sığortaçıya qarşı iddia qaldırsalar da, məhkəmə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi üzrə istintaqın başa çatmamasını əsas gətirərək iddianı təmin etməyib.

Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da törədilən terror aktı zamanı silahlı şəxslər insanlara atəş açıb, daha sonra binanı yandırıblar. Hücum nəticəsində 145 nəfər həyatını itirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir