Estetik prosedurlar dəbdir, yoxsa ehtiyac? Taleh Yüzbəyovun videosundan sonra ekspert rəyi

Estetik prosedurlar dəbdir, yoxsa ehtiyac? Taleh Yüzbəyovun videosundan sonra ekspert rəyi

“Gözəl görünmək arzusu harada bitir, asılılıq harada başlayır?” Sosial şəbəkələrin təsiri, filtr mədəniyyəti və məşhurların estetik müdaxilələri son illərdə bu mövzunu daha da aktuallaşdırıb. Aktyor Taleh Yüzbəyovun estetik əməliyyatlarla bağlı videosu da cəmiyyətdə köhnə mübahisəni yenidən alovlandırdı: estetik əməliyyatlar həqiqətən ehtiyacdır, yoxsa dəbə çevrilib?

Belə ki, bir tərəf estetik müdaxilələri insanın özünü daha yaxşı hiss etməsi üçün şəxsi seçim hesab edir, digər tərəf isə bunun sosial şəbəkələrin yaratdığı “ideal görünüş” təzyiqinin nəticəsi olduğunu düşünür.

Son illərdə Azərbaycanda estetik əməliyyatlara marağın nəzərəçarpacaq dərəcədə artması bu mövzunu yenidən gündəmə gətirib. Artıq estetik prosedurlar təkcə məşhurların deyil, müxtəlif yaş qruplarından olan insanların da müraciət etdiyi xidmətlərə çevrilib. Bəs bu artım həqiqətən tibbi zərurətdən irəli gəlir, yoxsa cəmiyyətin gözəllik standartları insanları bu qərara sövq edir?

Bəs mütəxəsisslər nə deyir?

Xeberyerinde mövzu ilə bağlı araşdırma apararaq psixoloqların, plastik cərrahların və kosmetoloqların fikirlərini öyrənib. Ekspertlər estetik müdaxilələrə marağın artmasının əsas səbəbləri, sosial şəbəkələrin bu prosesə təsiri, həmçinin tibbi zərurət ilə dəb arasında olan incə sərhəd barədə mövqelərini bölüşüblər.

Xarici mütəxəssislər də hesab edirlər ki, son illərdə estetik əməliyyatlara tələbatın artmasında sosial media mühüm rol oynayır. ABŞ-nin American Society of Plastic Surgeons nümayəndələri bildirirlər ki, “Instagram” və “TikTok” kimi platformalarda formalaşan gözəllik standartları insanların estetik prosedurlara münasibətini dəyişdirib. AO CMF beynəlxalq təşkilatının plastik cərrahları Amir Elbarbary, Alberto Rocha Pereira və Ana Catalina Tobón da qeyd edirlər ki, sosial media həm insanların məlumatlılığını artırır, həm də bəzən real olmayan gözləntilər yaradır.

Elmi araşdırmalar göstərir ki, sosial media istifadəsi ilə estetik əməliyyatlara maraq arasında ciddi əlaqə mövcuddur. 25 araşdırmanı və 13 mindən çox iştirakçını əhatə edən sistematik icmalda sosial şəbəkələrin bədən görünüşündən narazılığı artırdığı və bunun estetik müdaxilələrə marağı gücləndirdiyi qeyd olunub.

Mövzu ilə bağlı Xeberyerinde-nin suallarını cavablandıran həkim-kosmetoloq Jalə Şeyixova bildirib ki, son illərdə estetik prosedurlara müraciət edənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Onun sözlərinə görə, bu artımın arxasında həm texnologiyanın inkişafı, həm də sosial medianın formalaşdırdığı gözəllik standartları dayanır.

Sizcə, insanların estetik əməliyyat etdirməsinin əsas səbəbi nədir – tibbi zərurət, psixoloji amillər, yoxsa dəb?
Mənim fikrimcə, estetik müdaxilələrə üz tutmağın əsas səbəbi ilk növbədə psixoloji amillərlə bağlıdır. Bir çox qadın ətrafındakı insanların estetik prosedurlardan sonra əldə etdiyi görünüşdən təsirlənərək oxşar müdaxilələrə maraq göstərir. İkinci mühüm amil isə estetik prosedurların artıq cəmiyyətdə dəb və sosial tendensiyaya çevrilməsidir. Təəssüflə qeyd etmək istəyirəm ki, tibbi zərurət əksər hallarda sonuncu sırada dayanır və insanların estetik müdaxilələrə müraciət etməsinin əsas motivi olmur.


Sosial şəbəkələr və tanınmış şəxslərin paylaşımları insanların estetik prosedurlara qərar verməsinə nə dərəcədə təsir edir?
Bəli, sosial şəbəkələrin bu məsələdə təsiri kifayət qədər böyükdür. İnsanlar izlədikləri bloqerlərin və influenserlərin estetik müdaxilələrdən əvvəlki və sonrakı görünüşləri arasındakı fərqi aydın şəkildə görürlər. Bu dəyişikliklər onlarda da oxşar nəticə əldə etmək istəyi yaradır və nəticədə estetik prosedurlara müraciət etmək qərarına ciddi təsir göstərir.                         

Hazırda ən çox tələb olunan estetik prosedurlar hansılardır və bu tendensiya niyə formalaşıb?   
Ən çox müraciət olunan estetik prosedurlardan biri botoksdur. Bunun əsas səbəbi botoksun qısa müddət ərzində nəzərəçarpan və effektiv nəticə verməsidir. Məhz bu sürətli vizual effekt insanların bu prosedura marağını və müraciətlərini artırır.                                                                

Həddindən artıq estetik müdaxilələrin sağlamlıq və xarici görünüş baxımından hansı riskləri var?
Hər bir estetik prosedurda olduğu kimi, botoks və dolğunun da həddindən artıq tətbiqi arzuolunmazdır. Bu müdaxilələr mütləq göstərişə uyğun, düzgün dozada və peşəkar mütəxəssis tərəfindən icra edilməlidir. Əks halda həm estetik görünüşə, həm də sağlamlığa mənfi təsir göstərə bilər. Öz təcrübəmə əsasən deyə bilərəm ki, dolğunun həddindən artıq tətbiqi üzün təbii görünüşünü dəyişdirir və estetik baxımdan arzuolunan nəticə vermir. Cəmiyyət də bu cür süni görünüşü əksər hallarda müsbət qarşılamır. Sağlamlıq baxımından isə prosedurlar ixtisaslı həkim tərəfindən, düzgün məhsullardan istifadə edilməklə və tibbi qaydalara riayət olunaraq aparıldıqda ciddi fəsadların yaranma riski minimuma enir.


Hansı hallarda siz pasiyentə prosedurdan imtina etməyi məsləhət görürsünüz?
Məsələn, qəbuluma üz cizgilərinə uyğun olmayan və süni görünüş yarada biləcək həddindən artıq dolğu tələbi ilə müraciət edən pasiyentlərin istəyini qəti şəkildə qəbul etmirəm. Həmçinin, yalnız trend olduğu üçün populyarlaşan, lakin uzunmüddətli təhlükəsizliyi və effektivliyi elmi cəhətdən kifayət qədər təsdiqlənməyən estetik prosedurları da tövsiyə etmirəm. Mənim üçün əsas meyar pasiyentin sağlamlığı və təhlükəsizliyidir. Buna görə də yalnız uzunmüddətli nəticələri və mümkün fəsadları kifayət qədər araşdırılmış, etibarlılığı sübut olunmuş prosedurları tətbiq edirəm.

Estetik prosedur etdirmək istəyən şəxslər həkim və ya kosmetoloq seçərkən nələrə diqqət etməlidirlər?
-İlk növbədə, pasiyent müraciət etdiyi şəxsin həkim olduğuna və müvafiq ixtisasa malik olmasına diqqət yetirməlidir. Çünki estetik prosedurlar dərin anatomik bilik, peşəkar təcrübə və tibbi məsuliyyət tələb edir. Həkim proseduru üz anatomiyasına uyğun şəkildə planlaşdırmalı, eyni zamanda hər hansı ağırlaşma və ya fəsad yarandığı halda onu vaxtında və düzgün şəkildə idarə etməyi bacarmalıdır. Bu səbəbdən estetik müdaxilələr yalnız ixtisaslı həkim tərəfindən, uyğun tibbi şəraitdə həyata keçirilməlidir.

Sizcə, gələcəkdə təbii görünüşə maraq artacaq, yoxsa estetik prosedurlara tələbat daha da yüksələcək?
-Son illərdə müşahidə edirəm ki, insanlar estetik müdaxilələrdə daha çox təbii görünüşə üstünlük verməyə başlayıblar. Əvvəllər həcmli və nəzərəçarpan dolğulara maraq daha yüksək idisə, hazırda pasiyentlər üz cizgilərinin təbiiliyini qoruyan, daha harmonik nəticələr əldə etməyə üstünlük verirlər. Həddindən artıq dolğu nəticəsində yaranan süni görünüşdən isə artıq daha çox çəkinirlər.

Botoksdan sonra yayılan zəhərlənmə iddiaları nəyi göstərir?

Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb. Bu məsələ ilə bağlı nə deyə bilərsiz?
-Mən də sosial şəbəkələrdə və mediada yayılan bu məlumatlarla tanış olmuşam. Təəssüf ki, belə halların baş verdiyi bildirilir və bu məsələ peşəkar mühitdə də müzakirə olunur. Həkim həmkarlarımla söhbətlər zamanı toksikologiya sahəsində çalışan tanışlarım da bu cür müraciətlərin olduğunu qeyd ediblər.
Bu kimi ağırlaşmaların dəqiq səbəbini hər bir konkret hadisə üzrə aparılan tibbi araşdırma müəyyən etməlidir. Lakin mənim fikrimcə, əsas risk amillərindən biri mənşəyi məlum olmayan və ya keyfiyyətsiz preparatlardan istifadə edilməsidir. Bəzi mütəxəssislər fəsadları prosedurun düzgün icra edilməməsi ilə əlaqələndirirlər, digərləri isə preparatın keyfiyyəti ilə. Hər iki amil müəyyən rol oynaya bilər. Buna görə də pasiyentlər yalnız lisenziyalı tibb müəssisələrinə və ixtisaslı həkimlərə müraciət etməli, istifadə olunan preparatların mənşəyi və sertifikatlaşdırılması barədə məlumat almalıdırlar.

 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir