Son dövrün ən çox müzakirə olunan musiqi qruplarından olan Manifest karyerası ilə bağlı mühüm qərar qəbul edib.
Xeberyerinde-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qrupun qurucusu və meneceri Tolqa Akış üzvlərin sentyabr ayında İstanbuldakı ortaq evlərini bağlayaraq tamamilə Londona köçəcəklərini açıqlayıb.
2025-ci ildə keçirilən Big5 Türkiye layihəsindən sonra musiqi dünyasına sürətli giriş edən və qısa müddətdə xüsusilə gənclər arasında böyük populyarlıq qazanan Manifest sentyabr ayından etibarən fəaliyyətini beynəlxalq səviyyəyə daşımağa hazırlaşır.
Sosial şəbəkə hesabında paylaşım edən Tolqa Akış bildirib ki, qrup üzvləri İstanbuldakı ortaq yaşayış məkanını tərk edərək yeni fəaliyyət mərhələsini Londonda davam etdirəcəklər. Onun sözlərinə görə, Manifest hazırda qlobal miqyasda fəaliyyət göstərən nüfuzlu musiqi şirkətlərindən biri ilə müqavilə imzalamaq üzrədir.
Akış gələcək planlardan danışarkən, “Hər şey xəyal qurmaq və çalışmaqla başlayır. Yaxında yeni bir dövr başlayır”, – deyə vurğulayıb.
Türkiyə mediasının yazdığına görə, Manifestin beynəlxalq hədəfləri bununla da məhdudlaşmır. Qrup bir müddət əvvəl Madonna, David Bowie, The Rolling Stones, Spice Girls və Pharrell Williams kimi dünya ulduzları ilə çalışmış məşhur britaniyalı menecer John Giddings ilə əməkdaşlığa başlayıb. Giddings Manifestin İstanbuldakı konsertini izlədikdən sonra qrupun dünya səviyyəsində uğur qazanacağına inandığını bildirib.
Mətbuatda yer alan məlumatlara əsasən, Londona köç qərarı da məhz beynəlxalq layihələrin idarə olunmasını asanlaşdırmaq və Avropa bazarında daha aktiv fəaliyyət göstərmək məqsədi daşıyır. Qrupun yaxın aylarda yeni xarici layihələr və konsert proqramları ilə çıxış edəcəyi gözlənilir.
Tolqa Akış daha əvvəl verdiyi müsahibələrdə Manifest layihəsinin hələlik kommersiya baxımından gəlir gətirmədiyini, qrupun inkişafına böyük maliyyə yatırıldığını açıqlamışdı. Onun sözlərinə görə, hər klip və səhnə şousuna milyonlarla lirə xərclənir, layihənin arxasında isə 100-dən çox mütəxəssisdən ibarət böyük komanda çalışır. Akış hesab edir ki, bu investisiyalar gələcəkdə qrupun qlobal uğurunun əsasını təşkil edəcək.
Musiqi prodüseri və şou-biznes üzrə müşahidəçilərin fikrincə, Londona köç qərarı təsadüfi deyil. Bu şəhər dünyanın ən böyük musiqi sənayesi mərkəzlərindən biri hesab olunur və burada fəaliyyət göstərmək beynəlxalq prodüserlər, festivallar və musiqi şirkətləri ilə əməkdaşlıq imkanlarını artırır. Ekspertlər hesab edirlər ki, uğurlu strategiya və düzgün marketinq sayəsində Manifest Türkiyə sərhədlərini aşaraq Avropa bazarında tanınan pop qruplarından birinə çevrilə bilər. Bununla yanaşı, qlobal rəqabətin olduqca sərt olduğu vurğulanır və qrupun uzunmüddətli uğuru yeni repertuarın keyfiyyəti, davamlı hitlər və beynəlxalq auditoriyanın marağını qoruyub saxlamaq bacarığından asılı olacaq.

