Nepal selində ölənlərin sayı 538-ə çatdı: 1300-dən çox insan itkin düşüb

Nepal selində ölənlərin sayı 538-ə çatdı: 1300-dən çox insan itkin düşüb

Nepalın Çin sərhədinə yaxın ərazilərində baş verən güclü sel və daşqınlar ağır nəticələrə səbəb olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 538-ə yüksəlib, 1300-dən çox şəxsdən isə hələ də xəbər yoxdur.

Xəbər Yerində xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları fəlakətin ən çox zərər vurduğu Rasuva ilə yanaşı Nuvakot, Dhadinq, Qorka, Tanahun, Çitvan və Nəvalparasi bölgələrində də davam etdirilir.

Güclü sel nəticəsində çox sayda körpü dağılıb, yollar ciddi zərər görüb. Fəlakət zonasına lazımi yardım və avadanlıqların çatdırılması üçün helikopterlərdən də istifadə olunur.

1300-dən çox şəxsdən xəbər yoxdur

Yerli rəsmilərin məlumatına əsasən, itkin düşənlərin sayı 1300-ü ötüb. Onların arasında xarici ölkə vətəndaşlarının da olduğu bildirilir.

Sel sularının cəsədləri uzaq məsafələrə aparması axtarışların əhatə dairəsini genişləndirib. Davam edən xilasetmə işləri fonunda meyitxanalarda yer çatışmazlığı yaranıb. Bu səbəbdən ölənlərin yerləşdirilməsi üçün müvəqqəti müəssisələrin qurulmasına başlanılıb.

Fəlakətin təsirləri Nepalın sərhədlərini də keçib. Çinin Tibet Muxtar Bölgəsində sel nəticəsində ölənlərin sayının 5-ə yüksəldiyi açıqlanıb.

Fəlakətə zəlzələ yox, buzlaq uçqunu səbəb olub

Hadisənin ilk saatlarında bölgədə 5,2 maqnitudalı zəlzələnin baş verdiyi bildirilsə də, sonradan bu məlumat yenilənib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, qeydə alınan seysmik hərəkətliliyin zəlzələ ilə deyil, böyük buzlaq çökməsi ilə bağlı olduğu müəyyənləşdirilib.

Katmanduda yerləşən Beynəlxalq Dağlıq İnkişaf Mərkəzinin mütəxəssisləri də bu versiyanı təsdiqləyib. Mütəxəssislərin fikrincə, dağlıq ərazidən qopan nəhəng buzlaq parçaları uçquna səbəb olub və bu proses daha sonra dağıdıcı sel və su basqınlarını tətikləyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir