Xəbər Yerində xəbər verir ki, Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Qaraməryəm–İsmayıllı–Şəki magistralının rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 37 yaşlı Aybəniz Sadıqovanın idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü, onun valideynləri, üç övladı və dayısı olmaqla ümumilikdə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 6-nın bir ailənin üzvü olduğu bildirilir.
TƏBİB-in məlumatına görə, yaralanan 7 nəfər Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların müalicəsi davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.
Məlumata görə, xəsarət alanlar Oğuzun Padar kənd sakinləridir və Rusiyada yaşayırlar. Onlar bir müddət əvvəl yay tətili üçün rayona gəliblər.
Faktla bağlı araşdırma aparılır.

