Bakıda avarçəkmə və kanoe üzrə açıq şəhər çempionatı keçirilib.
Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan yarış Bakı bulvarında, Federasiyanın inzibati binasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutub.
Çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançı iştirak edib. Yarışçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarla 500 metr məsafədə qüvvələrini sınayıblar.
Bundan əlavə, idmançılar ilk dəfə qarışıq (mix) kateqoriyasında da mübarizə aparıblar. Yarışın qalibləri diplom və medallarla təltif olunublar.
Bildirilib ki, ölkədaxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini qiymətləndirmək və onlar arasında rəqabəti gücləndirməkdir.










