İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə səfər edib. Dövlət başçısı burada fərdi evlərin və infrastruktur obyektlərinin bərpası istiqamətində həyata keçirilən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüşüb.
APA-dan əldə etdiyimiz xəbərə görə, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Prezidentə kənddə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, Kiçik Qaladərəsində ümumilikdə 66 fərdi ev mövcuddur. Onlardan 19-u istifadəyə yararsız, 47-si isə qismən yararlı vəziyyətdədir. Hazırda 26 evin bərpası tamamlanaraq istifadəyə hazır vəziyyətə gətirilib. Növbəti il daha 21 evin hazır olması nəzərdə tutulur.
İlkin mərhələdə kəndə 15 ailə, ümumilikdə 51 nəfər köçüb. Bu ilin sonuna qədər daha 11 ailənin (45 nəfər) doğma yurduna qayıtması planlaşdırılır.
Kənddə sosial infrastrukturun qurulması istiqamətində də mühüm işlər görülüb. Əraziyə yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa olunub. Hazırda 26 fərdi ev su şəbəkəsinə qoşulub. Bundan əlavə, transformator məntəqəsi quraşdırılıb, elektrik xətləri yenilənib.
Sakinlərin rahatlığı üçün kənddə park və Bayraq Meydanı yaradılıb, daxili yollar asfaltlanıb.
Qeyd edək ki, Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kənd işğaldan azad olunub.
İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərib.
Səfər çərçivəsində Prezident İlham Əliyev kənd sakini Əsəd Əsədovun evində olub.
Daha sonra dövlət başçısı Kiçik Qaladərəsəsinə qayıdan sakinlərlə görüş keçirib.








