Xəbər Yerində “NTV”yə istinadən xəbər verir ki, Şərur rayonunun Axura kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. Bildirilib ki, qəza nəticəsində avtomobildə olan şəxslər sıxılmış vəziyyətdə qalıb.
Məlumat daxil olduqdan dərhal sonra əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
İki nəfər avtomobildən çıxarılıb
Xilasedicilər hadisə yerində apardıqları ilkin qiymətləndirmə zamanı “Niva” markalı minik avtomobilinin yoldan çıxaraq aşdığını müəyyənləşdiriblər. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb və içəridə olan iki sərnişin sıxılmış vəziyyətdə qalıb.
Xüsusi xilasetmə vasitələrindən istifadə edən əməkdaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alan 1958-ci il təvəllüdlü Abbasov Cəfər İsa oğlunu və 1990-cı il təvəllüdlü Abbasov Nuran Cəfər oğlunu avtomobildən çıxarıblar.
Yaralılar təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisənin səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

