UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkü bu gün atılacaq.
Mərasim Monakoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Püşkatmada turnirin əsas mərhələsində mübarizə aparacaq 36 komandanın rəqibləri müəyyənləşəcək.
Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb. Bakı təmsilçisi Liqa mərhələsində 8 müxtəlif komanda ilə qarşılaşacaq. Bu görüşlərin 4-ü evdə, 4-ü isə səfərdə keçiriləcək.
“Sabah”ın mümkün rəqibləri
1-ci səbətdə PSJ, “Bavariya”, “Real” Madrid, “Liverpul”, “İnter”, “Mançester Siti”, “Arsenal”, “Barselona” və “Atletiko” Madrid yer alıb.
2-ci səbətdə “Borussiya” Dortmund, “Roma”, “Sportinq”, “Aston Villa”, “Portu”, “Mançester Yunayted”, “Brügge”, “Betis” və PSV qərarlaşıb.
3-cü səbətdə isə “Feyenoord”, “Lill”, “Budyo-Qlimt”, “Napoli”, “Leyptsiq”, “Vilyarreal”, “Fənərbaxça”, “Şaxtyor” və “Qalatasaray” yer alır.
4-cü səbətdə “Sabah”la yanaşı “Slaviya” Praqa, “Slovan” Bratislava, “Ştutqart”, AEK, LASK, “Komo”, “Lans” və “Vikinq” komandaları yer alıb.
Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşmalar sentyabrın 8-dən başlayacaq. Komandaların oyun tarixləri və başlama saatlarının isə avqustun 29-dan gec olmayaraq açıqlanması gözlənilir.

