Uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdi
Tanınmış siyasi analitik və jurnalist Tofiqəxanım Qasımova (Nurani) vəfat edib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalist uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Məlumatı “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev yayıb. Onun sözlərinə görə, son günlər səhhəti ağırlaşan T.Qasımovanın həyatını xilas etmək mümkün olmayıb.
1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova ixtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya olan marağı onu jurnalistikaya gətirib. O, peşəkar fəaliyyətinə 1992-ci ildə başlayıb.
Müxtəlif illərdə “Yurddaş”, “Ayna” və “Zerkalo” nəşrlərində çalışan jurnalist uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az və “Minval Politika”da redaktor və siyasi şərhçi kimi fəaliyyət göstərib.
Tofiqəxanım Qasımova jurnalistika sahəsindəki fəaliyyətinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. O, 2020-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

