Xəbər Yerində xəbər verir ki, “Apple” sentyabr təqdimatında yeni nəsil iPhone 18 Pro və iPhone 18 Pro Max smartfonlarını nümayiş etdirib.
Şirkətin yeni flaqmanları performans, kamera və süni intellekt imkanlarının təkmilləşdirilməsi ilə diqqət çəkib. Smartfonlar 2 nanometrlik texnologiya əsasında hazırlanmış A20 Pro çipi ilə təchiz olunub. Çip 6 nüvəli CPU və 7 nüvəli GPU ilə işləyir.
Yeni modellərdə kamera sistemi də yenilənib. Əsas kameraya dəyişən diafraqma funksiyası əlavə olunub. Bu imkan istifadəçiyə işıqlandırmadan asılı olaraq çəkiliş parametrlərinə daha çox nəzarət etməyə, həmçinin fokus və görüntünün dərinliyini tənzimləməyə imkan verir.
“Apple Intelligence” və “Siri AI” imkanlarının da genişləndirildiyi bildirilib. Yeni süni intellekt funksiyaları smartfonun gündəlik istifadəsini, o cümlədən foto və digər məzmunla işləmə imkanlarını təkmilləşdirir.
iPhone 18 Pro və Pro Max qara, gümüşü, glacier və bordo rənglərində təqdim olunub. Hər iki modelin yaddaş tutumu 256 GB-dan başlayır və 2 TB-a qədər artır.
Yeni modellərin qiymətləri də açıqlanıb. iPhone 18 Pro 1199 dollardan, iPhone 18 Pro Max isə 1299 dollardan satışa çıxarılacaq.
Qeyd edək ki, “Apple” bu təqdimatda standart iPhone 18 modelini nümayiş etdirməyib. Onun daha sonra təqdim ediləcəyi gözlənilir.

