Motosikletin təkəri mıcırda sürüşdü, gənc qız yol nişanına çırpıldı
İstanbulun Şile rayonunda motosiklet qəzası nəticəsində 22 yaşlı Ceyda Yakova həyatını itirib. Faciəvi qəza anı isə gənc qızın dəbilqəsinə quraşdırılan kameraya düşüb.
Xəbər Yerində Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 17-də saat 17:00 radələrində Şile Avlak döngəsində baş verib.
Məlumata görə, İstanbul Bilgi Universitetinin Psixologiya fakültəsindən təxminən bir ay əvvəl məzun olan Yakova Şiledə yaşayan dostunu ziyarət etdikdən sonra motosikleti ilə yola çıxıb.
Hərəkətdə olarkən motosikletin təkəri yoldakı mıcır hissəyə daxil olub. Ceyda idarəetməni itirərək yol kənarındakı istiqamət göstəricisi olan nişana çırpılıb.
Xəstəxanada həyatını itirdi
Qəzanı görən şəxslərin məlumatı əsasında hadisə yerinə polis və tibbi yardım briqadaları cəlb olunub. Ağır xəsarət alan gənc əvvəlcə Şile Dövlət Xəstəxanasına çatdırılıb.
Vəziyyətinin ağır olduğu müəyyənləşdirildikdən sonra Sancaktepe Şehit Prof. Dr. İlhan Varank Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb. Həkimlər onun daxili qanaxma keçirdiyini müəyyən ediblər.
Ceyda Yakova göstərilən bütün tibbi yardımlara baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qəza anı kameraya düşüb
Hadisənin dəhşətli anları gəncin dəbilqəsindəki kameraya qeydə alınıb. Görüntülərdə motosikletlə hərəkətdə olan Ceydanın təkərinin mıcır hissəyə düşməsi, idarəetməni itirməsi və yol nişanına çırpılaraq yerə yıxılması əks olunub.

