Xəbər Yerində “Globalinfo.az”a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı ilə bir qrup məhbus azadlığa buraxılıb.
Əfv olunanlar arasında müxtəlif yaş qruplarından insanlar, gənclər, yaşlılar, qadın və xarici ölkə vətəndaşları da yer alıb. Əfv edilən şəxslərin tam siyahısı daha əvvəl dərc olunub.

Sosial şəbəkələrdə diqqət çəkən reaksiyalar
Əcnəbi vətəndaşların azadlığa buraxılması Azərbaycanın beynəlxalq müstəvidəki imicinə münasibətdə də diqqət çəkən məqam kimi qiymətləndirilib. Eyni zamanda, cəzasını çəkən və islah olunduğu düşünülən gənclərin yenidən cəmiyyətə inteqrasiyası da müzakirə olunan məsələlərdən olub.
Lakin sərəncamdan sonra sosial şəbəkələrdə yayılan bəzi reaksiyalar fərqli istiqamətdə olub. Bir sıra istifadəçilər əfv olunanların siyahısında meyxanaçı Rəşad Dağlının adının olmamasından təəssüfləndiklərini bildiriblər.
Paylaşımlarda onun adının siyahıda axtarıldığı, azadlığa buraxılmasının arzulandığı, hətta bəzi istifadəçilər tərəfindən cinayətdə günahının olmadığına dair fikirlər səsləndirilib.
“Rəşad Dağlı usta meyxanaçıdır, amma…”
Müəllif bu yanaşmanın cəmiyyət və hüquq sistemi baxımından mübahisəli olduğunu qeyd edib.
Rəşad Dağlının meyxana sənətində özünəməxsus yeri olduğu və son illərdə bu sahəyə ciddi töhfə verdiyi vurğulansa da, sənət fəaliyyətinin cinayət məsuliyyətini aradan qaldırmadığı qeyd edilir.
Məlum olduğu kimi, Rəşad Dağlı İsgəndər adlı şəxsi öldürməkdə təqsirli bilinib və məhkəmənin hökmü ilə uzunmüddətli azadlıqdan məhrum edilib. O, hadisədən sonra könüllü şəkildə polisə təslim olub.
“Cəzasını çəksin”
Yazıda sosial şəbəkə istifadəçilərinə də müraciət edilərək məsələni başqa prizmadan qiymətləndirməyin vacibliyi vurğulanır.
Belə bir sual qoyulur: öldürülən şəxs tanınmış meyxanaçının deyil, həmin şəxslərin öz yaxınları və ya doğmaları olsaydı, onlar yenə də Rəşad Dağlının azadlığa buraxılmasını tələb edərdilərmi?
Müəllif hesab edir ki, qanun qarşısında şəxsin tanınmış sənətçi olması ona xüsusi münasibət göstərilməsi üçün əsas olmamalıdır.
Eyni zamanda, qeyd olunur ki, Rəşad Dağlının da qanunvericilikdə nəzərdə tutulan mexanizmlər əsasında gələcəkdə azadlığa çıxması mümkündür. Cəzanın müəyyən hissəsinin çəkilməsi, şəxsin islah olunması və digər hüquqi əsaslar bu məsələdə rol oynaya bilər.
Yazıda cəmiyyətə çağırış edilərək Rəşad Dağlının cəzasını çəkməsinə imkan verilməsinin, sosial şəbəkələrdə isə onun ətrafında əlavə aqressiya formalaşdırılmamasının daha məqsədəuyğun olduğu bildirilir.
Müəllifin fikrincə, əks yanaşma həm Rəşad Dağlıya, həm də bütövlükdə cəmiyyətə əlavə zərər verə bilər.

